Ramana qəsəbəsinin Yeni yaşayış massivini “Koroğlu” metrostansiyası ilə əlaqələndirən 162 nömrəli və Yeni Suraxanı qəsəbəsini “Ulduz” metrostansiyası ilə əlaqələndirən 184 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qaliblərini müəyyən edilib.
Bakues.az xəbər verir ki, bu barədə AYNA-dan məlumat verilib.
162 nömrəli şəhərətrafı marşrut üzrə hüquqi şəxs “Grand Bus” MMC və 184 nömrəli şəhərətrafı marşrut üzrə “General Auto Company” firması komissiya üzvləri tərəfindən qalib elan olunub.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.