Bu gün saat 11:00 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
TƏBİB-dən Bakues.az-a bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 6 nəfər (kişi cinsli) tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, zəruri tibbi yardım göstərildikdən sonra amulator müalicə üçün evə buraxılıblar, 1 nəfərə (kişi cinsli) sağ əlin yanığı, 1 nəfərə isə (kişi cinsli) özünü pis hiss etməsi səbəbi ilə yerində tibbi yardım göstərilib
***14:28
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodundakı yanğın tam söndürülüb.
Bu barədə Bakues.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin ümumilikdə 20 ədəd texnika və 100 nəfərdən artıq canlı qüvvəsi iştirak edib.
Yanğın nəticəsində ərazidə olan 11 ədəd tikilidən ümumi sahəsi təxminən 1000 kv.m. olan 2 ədəd obyekt yanıb, ümumi sahəsi təxminən 3500 kv.m. olan digər 9 ədəd obyekt yanğından mühafizə olunub.
***13:48
Abşeron Rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə Bakues.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış əsasında ilkin olaraq 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
***13:06
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda baş verən yanğın söndürülüb.
Bu barədə Bakues.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
***12:49
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Bakues.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğının söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir.
Havanın güclü küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
***12:10
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-in Mətbuat xidmətindən Bakues.az-a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***11:51
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda baş verən yanğınla bağlı atmosfer havasına atılan emissiyaların monitorinqinin və ölçmə işlərinin aparılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri ərazidədirlər.
Bu barədə Bakues.az-a nazirlikdən məlumat verilib.
***11:13
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın başlayıb.
Bu barədə Bakues.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib. Məlumata görə, polis əməkdaşları hadisə yerini mühafizə edir, təhlükəsizlik və digər zəruri tədbirlər görür.



