Oğluma xəsarət yetirən şəxsin 13-14 yaşı var.
Bakues.az “Report”a istinadən xəbər verir ki, bunu ötən gün Ağcabədidə bıçaqlanan azyaşlının atası Rəşad Bəşirov deyib.
O bildirib ki, hadisə zamanı işdə olub:
“Telefonuma zəng gəldi ki, uşağın ayağı kəsilib. Gəlib uşağa baxanda gördüm ki, ayağı deyil bədəninin çox yerində xəsarətlər var. Məsələnin tam dəqiqliyini bilmirəm. Mənim heç kimlə düşmənçiliyim yoxdur. İstəyirəm ki, oğlumu kim vurubsa tapılsın və cəzası verilsin”.
R. Bəşirov qeyd edib ki, uşaq onu kim bıçaqladığını bilir:
“Oğlum deyir ki, üzdən görmüşəm, məndə deyirəm ki, polisə necə var, doğrusunu desin. Hazırda saxlanılan uşağın 13 – 14 yaşı var.”
Hadisə ilə bağlı Ağcabədi rayonu mərkəzi xəstəxanasının həkimi Azad Hüseynov bildirib ki, azyaşlı valideynləri tərəfindən xəstəxanaya gətirilib:
“Müayinə zamanı xəstənin bədənində 20-ə yaxın kəsilmiş, cırılmış, deşilmiş yaralar müəyyən olunub. Xəstədə kəskin qan itirmə müşahidə olunur. Təcili olaraq əməliyyat blokuna götürülüb. Yaralara müdaxilə edilib və xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə köçürülüb. Hazırda ümumi vəziyyəti orta ağır kimi qiymətləndirilir”.
***14:58
Ağcabədidə 7 yaşlı uşağın bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Bakues.az “APA”ya istinadən xəbər verir ki, azyaşlının atası Rəşad Bəşirov hadisənin evlərinin yaxınlığında baş verdiyi bildirib.
“Hadisənin hansı səbəbdən baş verdiyini bilmirəm. Uşaq mənə dedi ki, evin yanında oynayırmış, çağırıblar, aparıb bu hala salıblar. Uşağa 19 bıçaq xəsarəti yetirilib. Həkimlər sağ olsun, əllərindən gələn hər şeyi etdilər”, – o deyib.
Rəşad Bəşirov qeyd edib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin dayısı ilə dostdurlar.
***13:18
Ağcabədidə 7 yaşlı uşağı bıçaqlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.
Bakues.az “APA”ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***12:39
Ağcabədi rayonunda 6 yaşlı uşağın bıçaq xəsarətləri alması faktı qeydə alınıb.
Bakues.az xəbər verir ki, 6 yaşlı S.B. bıçaq xəsarəti ilə Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.




