Avropa məqsədlərinə çatmaq üçün daxili kapitalı səfərbər etməlidir.
Bakues.az tass-a istinadən xəbər verir ki, texnologiyalar və iqlim siyasətinin maliyyələşdirilməsi üçün Avropa daxili kapitalı daha fəal şəkildə səfərbər etməlidir. Bunu Maliyyə Xidmətləri, İqtisadi Birlik və İnvestisiya üzrə Avropa komissarı Maria Luis Albukerke bildirib.
O, Florensiyada keçirilən Bankçılıq və Maliyyə Məktəbinin konfransında çıxış edərək qeyd edib ki, Avropanın müdafiəni gücləndirmək, karbon emissiyalarını sıfıra endirmək və rəqəmsal imkanları inkişaf etdirmək kimi iddialı məqsədləri var. Onun sözlərinə görə, bu məqsədlərə çatmaq üçün maliyyə resursları vacibdir.
Albukerke bildirib ki, Brüssel bu məsələni Əmanət və İnvestisiya Birliyinin yaradılması ilə həll etməyi planlaşdırır. Bu təşəbbüs Aİ daxilində maliyyə bazarlarının inteqrasiyasını gücləndirməyə və Avropa əmanətlərinin strateji layihələrin maliyyələşdirilməsinə yönəldilməsinə imkan verəcək.
Qeyd edək ki, 2025-ci ildə Aİ genişmiqyaslı militarizasiya kursuna başlayıb. Mart ayında Brüsseldə keçirilən sammitdə 800 milyard avroluq yenidən silahlanma planı təsdiqlənib. Bundan əlavə, Aİ Şurası 2030-cu ilə qədər hərbi inkişaf proqramı çərçivəsində 150 milyard avroluq SAFE fondunun yaradılmasına qərar verib. Həmçinin NATO sammitində Avropanın hərbi xərclərinin 2034-cü ilə qədər ÜDM-in 5%-nə qədər artırılması barədə razılıq əldə olunub.
Zəhra Məmmədzadə




