Bakı metrosunda dünyaya gəlmiş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək

Bakues.az xəbər verir ki, bunu hərəkət xidmətinin rəisi Anar Zamanov deyib.

“Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək”, -o bildirib.

***12:16

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.

Bakues.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.

Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır.

***09:59

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) müraciət qeydə alınıb.

Bu barədə Bakues.az-a TƏBİB-dən məlumat verilib.

Məlumata əsasən, hadisə yerinə briqada cəlb olunub.

Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları 36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2,200 qram olan oğlan uşağı dünyaya gəlib.

Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.

***09:36

Bu gün “Bakı Metropoliteni” QSC-nin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar olacaq.

Bakues.az xəbər verir ki bu barədə səhmdar cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

“Təbii ki, həmin körpəyə hədiyyələr də veriləcək”, – o vurğulayıb.

***09:09

Bu gün saat 07:40 radələrində “Bakı Metropoliteni” QSC-nin “20 Yanvar” stansiyasında bir qadın körpə dünyaya gətirib.

Bakues.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı stansiya əməkdaşları ona ilkin yardım göstərib. Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.