Fasilədən sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Baş Assambleyası öz işini sessiyalarda davam etdirib.
Bakues.az xəbər verir ki, birinci sessiyada bir sıra prosedur məsələlərinə baxılıb, habelə təşkilatı və maliyyə məsələləri nəzərdən keçirilib, müvafiq qərarlar qəbul edilib.
Sonra sessiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyəti, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) fəaliyyəti, Qara Dəniz Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin (QDABM) fəaliyyəti barədə məlumatlar dinlənilib. Tədbir iştirakçıları gündəlikdəki məsələlərə öz münasibətini bildiriblər.
QDİƏTPA-nın Baş Assambleyasının ikinci sessiyasında “Müasir və dayanıqlı nəqliyyat infrastrukturu vasitəsilə QDİƏT regionunda əlaqəliliyin gücləndirilməsi və hərəkətliliyin artırılması” mövzusunda müzakirələr aparılıb. Milli nümayəndə heyətlərinin rəhbərləri mövzu ilə bağlı çıxış edərək öz fikirlərini bölüşüblər.
Sessiya çərçivəsində, həmçinin qurumun İqtisadi və inkişaf siyasəti komitəsinin iclası keçirilib. İclasda “Daha yaşıl bir gələcəyə doğru: Qara Dəniz regionunda texnologiya həlləri üzrə əməkdaşlıq” adlı hesabat və tövsiyə layihəsi müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
Üçüncü sessiyada qurumun Hüquq məsələləri və beynəlxalq əməkdaşlıq komitəsinin və Sosial və humanitar siyasət komitəsinin iclasları olub. Tədbirlərdə “QDİƏT regionunda mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlıq”, “QDİƏT regionunda əlilliyi olan şəxslər üçün təhsilin və məşğulluğun inkişafına dair cari strategiyalar və təcrübələr” adlı hesabat və tövsiyə layihələri nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.
Dördüncü sessiyada QDİƏT PA-nın Baş Assambleyasının 2025-ci il payız sessiyasının tarixi, məkanı və gündəliyi müəyyən edilib.
Bununla Bakıda keçirilən QDİƏTPA-nın 65-ci Baş Assambleyası öz işini başa çatdırıb.
QDİƏTPA-nın 65-ci Baş Assambleyasında Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Rumıniya, Serbiya, Şimali Makedoniya, Türkiyə, Ukrayna, Yunanıstan, parlament nümayəndə heyətləri, bir sıra beynəlxalq təşkilatların, o cümlədən TÜRKPA, Cənub-Şərqi Avropada Parlament Əməkdaşlığı üzrə Regional Katibliyi (RSPC SEE), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyi (BSEC PERMIS), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Beynəlxalq Avtomobil Nəqliyyatı Assosiasiyaları İttifaqı (BSEC-URTA), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Marmara Qrupu, MDB PA-nın təmsilçiləri iştirak ediblər.
***10:03
Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası keçirilir.
Bakues.az xəbər verir ki, sessiyada Milli Məclisin və QDİƏT PA-nın sədri Sahibə Qafarova açılış nitqi ilə çıxış edəcək.
Plenar sessiyada “QDİƏT regionunda əlaqələrin gücləndirilməsi, smart və davamlı nəqliyyat infrastrukturunun yaradılması yolu ilə mobilliyin artırılması” mövzusunda müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.
Eyni zamanda tədbir çərçivəsində təşkilatın bir neçə komitəsinin iclaslarının keçirilməsi, təşkilati məsələlərə baxılması gözlənilir.
Bununla bərabər, Bakıda QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana təhvil veriləcək.