Bu gün — 12 oktyabr — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, şəhid Erkin Ədalət oğlu Hüseynovun doğum günüdür.
Bakues.az xəbər verir ki, Erkin Hüseynov 1998-ci ilin bu günündə Gəncə şəhərinin Sadıllı qəsəbəsində anadan olub.
O, Gəncə şəhəri 17 nömrəli tam orta məktəbdə təhsil alıb, daha sonra Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində ali təhsil alaraq 2020-ci ildə məzun olub.
Təhsilini başa vurduqdan sonra Vətənə xidmət məqsədilə hərbi xidmətə yollanan Erkin Hüseynov 2021-ci ildə Ehtiyat zabit hazırlığı kursunu bitirib və leytenant rütbəsi alıb. Daha sonra 2022-ci ildə “Komando başlanğıc kursunu” müvəffəqiyyətlə başa vuraraq “Komando başlanğıc döş nişanı” ilə təltif olunub.
Leytenant Erkin Hüseynov 2022-ci il 12 sentyabrda Kəlbəcər istiqamətində Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.
O, ailəsinin yeganə övladı idi və Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Erkin Hüseynov ölümündən sonra
🎖 “Vətən uğrunda”,
🎖 3-cü dərəcəli “Rəşadət” ordeni və
🎖 “Şücaətə görə” medalı ilə təltif edilib.
Bu gün Vətən üçün canından keçən igid leytenantın xatirəsi hörmət və ehtiramla anılır.






