“Elm və təhsil naziri Emin Əmrullayevin qeyri-müəyyən çıxışı təhsildə idarəetmədə işləyən direktor və direktor müavinlərini narahat edir”.
Bu sözləri məktəb direktorları və müavinlərinin sertifikatlaşmaya cəlb olunacağına münasibət bildirən təhsil üzrə ekspert Elşən Qafarov Bakues.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, nazirin məktəb direktorları və direktor müavinlərinin sertifikasiyaya cəlb edilməsi barədə çıxışı çox müəmmalıdır:
“Nazir çıxışı zamanı direktor və onun müavinlərinin tədris etdiyi fənlər üzrə imtahan verib- verməyəcəyini açıqlamadı. Məlum olmadı ki, sözügedən şəxslər yalnız direktor və direktor müavini kimi sertifikatlaşdırmadan keçəcəklər, yoxsa necə?! Əgər fənnlər üzrə sertifikatlaşdırmadan keçəcəklərsə, artıq 2 ildir başlayan sertifikatlaşdırmada direktor və direktor müavinlərinin iştirakına imkan verilmir”.
E. Qafarov vurğulayıb ki, nazirin ətraflı məlumat verməməsi və mücərrəd fikirləri direktor və direktor müavinlərini narahat edir.
“Heç kim bilmir ki, sertifikasiya necə olacaq. Əgər direktor və direktor müavinlərinin tədris etdiyi fəndən olacaqsa, bu açıq bildirilməlidir. Onları direktor kimi məktəb idarəsindən, direktor müavini olaraq məktəbşünaslıqdan sertifikasiya edəcəksə, bu da qeyd olunmalı idi. Ona görə də nazirlik tərəfindən ictimaiyyətə yenidən açıqlama verilməlidir”, – deyə ekspert qeyd edib.
Günel Qurbanova