Gəncə şəhəri, İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksinin 4-cü sinif şagirdi Hüseyn Hüseynovun Hasil adlı şagird başda olmaqla, bir neçə şagird tərəfindən fiziki və psixoloji şiddətə məruz qalması barədə məlumat vermişdik.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Bakues.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-liseyin 4-cü sinif şagirdləri arasında mübahisə yaranıb.
“Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. Stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər həyata keçirilir. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional idarə tərəfindən izlənilir. Məktəblilərin valideynləri də təhsil müəssisəsinə dəvət edilib, onlarla maarifləndirici görüş keçirilib. Həm təhsil müəssisəsinin psixoloqu, həm də idarənin “Psixoloqların dəstək qrupu” tərəfindən məktəbdə şagirdlərlə söhbət aparılıb.
Qeyd edirik ki, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti orqanlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların həssas dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”, – qurumun açıqlamasında əlavə olunub.
***15:41
Liseyin direktoru Gülşən Məmmədəliyeva mənə deyir ki, “Övladınızın arxasında durursunuz. Uşaq deyəcək ki, valideyn mənim arxamdadır. Mənə heç kim toxuna bilməz”.
Bakues.az-a daxil olan şikayətə görə, Gəncə şəhəri, İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksinin 4-cü sinif şagirdi Hüseyn Hüseynov Hasil adlı şagird başda olmaqla, bir neçə şagird tərəfindən fiziki və psixoloji şiddətə məruz qalıb.
Bununla bağlı şagirdin atası Hüseynov Ruslan Rasim oğlu redaksiyamıza məktub göndərib.
O, bildirib ki, övladı həmyaşıdları arasında alçaldılsa da, lisey rəhbərliyi bu hadisəni görməzdən gəlir:
“Övladım Hüseynov Hüseyn Ruslan oğlu Gəncə şəhəri, İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksinin 4-cü sinif şagirdidir. O, aprel 1-i tarixində saat 10:00-11:00 radələrində ayaqyoluna gedərkən bir neçə şagird tərəfindən fiziki təzyiqə məruz qalıb. Oğlumun təzyiqlə üzləşməsi kamera görüntülərində də var. Belə ki, liseydə təhsil alan Hasil adlı 4-cü sinif şagirdləri Hasil və Məhəmməd, o cümlədən adlarını bilmədiyimiz bir neçə sinif yoldaşları birləşərək Hüseyni zorla ayaqyoluna salıblar. Orada oğlumun qarın nahiyyəsinə və ayağına zərbələr endirilib. Hasil adlı şagird ayaqyolundakı çirkli suyu oğlumun üzərinə vuraraq “Buradan çıxmaq istəyirsənsə, ayağımın altını yalamalısan” deyib. Oğlum isə üzr istəməyib. Bu anda içəri xadimə daxil olub və uşaqlar ayaqyolundan uzaqlaşıblar. Oğlum Hüseynin aldığı zərbələrdən dizində ağrı və göyərmə var. Biz bu hadisə ilə bağlı 44 nömrəli məktəb-lisey kompleksinin direktoru Gülşən Məmmədəliyevaya müraciət etdik və həmin şagirdlərin valideynləri ilə söhbət etdik.
Məktəb direktoru bu söhbətin sadəcə üzr istənilməsi şərti ilə uzanmamasını tələb edir. Lakin bir valideyn olaraq, biz həmin şagirdin məktəbdən kənarlaşdırılmasını və təhsilini başqa məktəbdə davam etdirməsini xahiş etdik. Çünki həmin şagirdin davranış qaydalarını kobud şəkildə pozması oğlumun şərəf və ləyaqətinin alçaldılmasına səbəb olub. Buna baxmayaraq, məktəb direktoru öz tələbindən dönmür. Hətta direktor mənim valideyn olaraq, övladımın arxasında durmağımı səhv addım hesab edir. Mənə “Övladınızın arxasında durursunuz. Uşaq deyəcək ki, valideyn mənim arxamdadır. Mənə heç kim toxuna bilməz” sözlərini söyləyib”.
Valideyn qeyd edib ki, problemlə bağlı Elm və Təhsil Nazirliyinin “Qaynar Xətti”nə müraciət etsə də, heç bir nəticə olmayıb.
Müvafiq qurumun valideynin səsinə səs verəcəyini ümid edirik.