Həftəlik xəbər buraxılışımızı təqdim edirik.

Bakues.az bu həftə həm ölkəmizdə, həm də dünyada baş verən ən mühüm hadisələri sizin üçün topladı:

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda işgüzar səfərdədir.

Avqustun 7-də dövlət başçısı ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffla görüşüb. Görüş çərçivəsində SOCAR ilə “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.

Sənədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil”in vitse-prezidenti Con Ardill imza atıb.

ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində bildirib ki, avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla sülh sazişi imzalanacaq.

Onun sözlərinə görə, ABŞ hər iki ölkə ilə iqtisadi inkişaf üzrə ikitərəfli müqavilələr də bağlayacaq. Tramp bu günü Ermənistan, Azərbaycan, ABŞ və dünya üçün tarixi adlandırıb.

Bakıda genişmiqyaslı şəhərsalma layihəsinə start verilib.

Yasamal rayonunun keçmiş “Sovetski” kimi tanınan ərazisində qəzalı və istismar müddətini başa vurmuş binaların söküntüsünə başlanılıb.

Layihə çərçivəsində Mərkəzi Parkın ümumi sahəsi 35,4 hektara çatıb və genişləndirmə işləri davam etdirilir.

Yeni yaşıllıq zolaqları və ictimai layihələr şəhərin abadlaşdırılmasına xidmət edəcək.

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus “KamAZ” yük maşınının qoşqusuna çırpılıb. Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib ki, Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında baş verən qəzası ilə bağlı yekun hesabat bir neçə aya təqdim olunacaq.

Təhlil mərhələsi tamamlanıb və hesabat üzərində iş gedir.

Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, avqustun 8-i axşamdan etibarən şimal-qərb küləyi güclənəcək, bu hava şəraiti 12-ə qədər davam edəcək.

Havanın temperaturu 3-5° aşağı düşəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-29° isti olacaq.

Videonu YouTube-da izləyin