İsrail lazer texnologiyasına əsaslanan qabaqcıl Iron Beam hava hücumundan müdafiə sisteminin işlənib hazırlanmasını başa çatdırıb və onun İsrail ordusuna ilk təhvil verilməsi 2025-ci ilin dekabr ayına planlaşdırılır.
Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin Müdafiə Araşdırmaları və İnkişafı İdarəsinin rəisi Daniel Qold məlumat verib.
Onun sözlərinə görə, İsrail artıq müdafiə və hücum sahələri üçün gələcək nəsil texnoloji sistemlər üzərində işləyir və bu “texnoloji sürprizlər” lazımi anda ordunun ixtiyarına veriləcək.
“Dəmir Şüa” sistemi qısa mənzilli raketlərə, minaatan və artilleriya mərmilərinə qarşı lazer şüası ilə müdafiə üçün nəzərdə tutulub. Sistem həmçinin kiçik pilotsuz uçuş aparatlarını (PUA) məhv etmək qabiliyyətinə malik olacaq.
İsrailin lazer əsaslı hava hücumundan müdafiə sistemi yaratmaq planları ilk dəfə 2022-ci ildə o vaxtkı baş nazir Naftali Bennet tərəfindən elan edilmişdi. Yeni sistemin ənənəvi müdafiə komplekslərindən daha ucuz olması və ələ keçirən raketlərdən asılılığı azaltması gözlənilir. 2022-ci ilin aprelində İsrail “Dəmir Şüa”nın minaatan, tank əleyhinə mərmi və raketləri ələ keçirdiyi uğurlu sınaqları təsdiqləmişdi.
Zəhra Məmmədzadə




