NASA və ABŞ Enerji Nazirliyi Ay səthində uzunmüddətli missiyalar üçün nüvə fisyon reaktoru qurulmasını nəzərdə tutan layihəni təsdiqləyib.

Bakues.az “TRT Haber”ə istinadən xəbər verir ki, reaktorun hazırlanması və Yer üzərində sınaqlarının 2030-cu ilə qədər tamamlanması planlaşdırılır.

Ay üçün nəzərdə tutulan reaktor astronavtların yaşayış modulları və elmi avadanlıqları illərlə fasiləsiz enerji ilə təmin edəcək və enerjinin Yer kürəsindən daşınması ehtiyacını aradan qaldıracaq.

NASA rəhbəri Jared Isaacman layihənin NASA ilə ABŞ Enerji Nazirliyi arasında əməkdaşlığı gücləndirəcəyini və kosmik tədqiqatlarda yeni mərhələyə keçidi təmin edəcəyini bildirib.

Mütəxəssislər Ayda nüvə reaktorunun atmosferin olmaması, Ay tozu və kosmik radiasiya səbəbindən qurulmasının çətin olduğunu qeyd edirlər.

Plana görə, reaktor 40 kilovat gücündə olacaq və 10 il işləyərək təxminən 30 evin elektrik tələbatını qarşılayacaq.

Layihə gələcək daimi Ay bazaları və kosmik missiyalar üçün mühüm hesab olunur.

Asim