NATO Qrenlandiyada “Arctic Sentry” əməliyyatının planlaşdırılmasına başlayıb.

Bakues.az “Der Spiegel”a istinadən xəbər verir ki, Belçikanın Mons şəhərində yerləşən NATO-nun Avropa Müttəfiq Komandanlığı Qrenlandiyada keçiriləcək “Arctic Sentry” əməliyyatının planlaşdırılmasına start verib.

Jurnala istinadən, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı, ABŞ generalı Aleksus Qrinkeviç, missiya üçün hərbi planlaşdırmanın başlanmasını əmr edib. Polkovnik Martin O’Donnell bu məlumatı təsdiqləyib və bildirib ki, hazırda NATO “gücləndirilmiş sayıqlıq” planları üzərində işləyir, lakin əməliyyatın təfərrüatları hələ açıqlanmır.

İlkin planlara görə, NATO gəmilərinin müntəzəm manevrləri, hava məkanına nəzarətin artırılması və Qrenlandiyada kiçik quru qüvvələrinin müvəqqəti yerləşdirilməsi nəzərdə tutulur. Missiyanın məqsədi sürətli cavab vermə qabiliyyətini nümayiş etdirməkdir.

Məlumatda vurğulanır ki, əməliyyat ideyası ilin əvvəlində ortaya çıxsa da, ABŞ-ın dəstəyi ilə bağlı qeyri-müəyyənlik son həftələrədək davam edib. Brüsseldəki mənbələr bildiriblər ki, NATO baş katibi Mark Rutte ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı planlaşdırmanın irəliləməsinə səbəb olub. Almaniya müdafiə naziri Boris Pistorius isə Almaniyanın missiyada iştirak edəcəyinə söz verib.

Zəhra Məmmədzadə