Papa XIV Leo: Yeni START müqaviləsi uzadılmalıdır.

Bakues.az TASS-a istinadən xəbər verir ki, Papa XIV Leo Strateji Silahların Azaldılması üzrə Yeni START müqaviləsini silahlanma yarışının qarşısının alınması üçün mühüm sənəd hesab edir və onun konkret və effektiv şəkildə uzadılmasına çağırıb.

Pontifik ənənəvi ümumi auditoriyanın sonunda bildirib ki, 2010-cu ildə ABŞ və Rusiya prezidentləri tərəfindən imzalanmış Yeni START müqaviləsinin müddəti başa çatır və bu sənəd nüvə silahlarının yayılmasının qarşısının alınmasında mühüm rol oynayıb.

“Silahsızlanma və qarşılıqlı etimadı təşviq etmək üçün bütün konstruktiv səylərə dəstəyimi bir daha təsdiqləyərək, sizi bu müqavilədən imtina etməməyə və onun real və səmərəli şəkildə uzadılmasını təmin etməyə çağırıram. Mövcud vəziyyət millətlər arasında sülhü təhdid edən yeni silahlanma yarışının qarşısını almaq üçün mümkün olan hər şeyin edilməsini tələb edir”, – deyə Papa vurğulayıb.

Qeyd edək ki, Yeni START müqaviləsinin başa çatması ABŞ və Rusiya arasında 1972-ci ildən bəri ilk dəfə nüvə silahlarına nəzarət üzrə qüvvədə olan razılaşmanın qalmaması riskini yaradır.
Zəhra Məmmədzadə