Macarıstanın Kiyevdəki səfirliyinin rəhbəri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Ukrayna tərəfinin “Drujba” boru kəməri vasitəsilə Rusiya neftinin tədarükünün siyasi səbəblərlə dayandırıldığını etiraf etdiyi bildirilib.

Bakues.az tass-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto M1 telekanalında yayımlanan video müraciətində deyib.

Nazirin sözlərinə görə, Ukrayna tərəfi boru kəmərinin bağlanmasının heç bir fiziki və ya texniki səbəbinin olmadığını, qərarın sırf siyasi motivlərlə verildiyini bildirib.

“Ukraynalılar Macarıstanı şantaj edir və bizi mövqeyimizi dəyişməyə məcbur etməyə çalışırlar. Kiyevdəki səfirliyimizin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və orada etiraf ediblər ki, nəqlin dayandırılmasının yeganə səbəbi siyasidir”, – deyə Siyarto vurğulayıb.

O əlavə edib ki, Ukrayna tərəfi neft nəqlinin bərpası müqabilində silah və maliyyə dəstəyi istədiyini açıq şəkildə bəyan edib. Nazir bildirib ki, Macarıstan Ukraynaya nə silah, nə də vəsait göndərmək niyyətindədir.

Siyarto həmçinin qeyd edib ki, Budapeşt Ukraynadan “Drujba” kəməri ilə neft tədarükünün dərhal bərpa olunmasını və “Macarıstandakı seçki prosesinə müdaxilənin dayandırılmasını” tələb edir.

Macarıstanın məlumatına görə, yanvarın 27-dən etibarən “Drujba” boru kəməri ilə neft axını dayanıb. Fevralın 15-də Macarıstan və Slovakiya Xorvatiyadan Rusiya xam neftinin Adriatik boru kəməri vasitəsilə tranzitinə icazə verilməsini xahiş ediblər. Neftin dəniz yolu ilə Xorvatiyanın Omişalj limanına çatdırılması planlaşdırılır.

Bundan əlavə, Macarıstan hökuməti MOL şirkətinə neft emalı zavodu üçün strateji ehtiyatlardan 250 min ton xam neft ayrılması barədə qərar qəbul edib. Bildirilir ki, bu ehtiyatlar təxminən üç ay üçün kifayətdir.

Zəhra Məmmədzadə