Ekspert: Trampın Yeni START limitlərini qorumaq təklifini rədd etməsi üçün səbəb yoxdur.
Bakues.az TASS-a istinadən xəbər verir ki, Silahlara Nəzarət Assosiasiyasının rəhbəri Deril Kimball ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinin Yeni START Müqaviləsinin əsas limitlərini qorumaq təklifi ilə razılaşmaması üçün heç bir əsas olmadığını bildirib.
Kimball ABŞ dövlət katibi Marko Rubionun Yeni START-la bağlı açıqlamalarını şərh edərkən qeyd edib ki, Çin gələcək tərksilah və risklərin azaldılması danışıqlarında iştirak etməlidir, lakin Tramp administrasiyasının Pekinlə bu istiqamətdə real təşəbbüslər irəli sürdüyünə dair əlamətlər yoxdur.
Ekspertin sözlərinə görə, ABŞ və Rusiya Yeni START-ın əsas məhdudiyyətlərinə əməl etməyə davam edə və strateji, orta və qısa mənzilli nüvə silahları, eləcə də raketdən müdafiə sistemlərini əhatə edən yeni, yoxlanıla bilən çərçivə sazişi üzrə danışıqlara başlaya bilərlər.
Kimball vurğulayıb ki, ABŞ-ın strateji nüvə arsenalını artırması Rusiyanı eyni addımı atmağa, Çini isə cavab potensialını gücləndirməyə sövq edəcək və bu da yeni silahlanma yarışını sürətləndirəcək.
Zəhra Məmmədzadə




