Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ay əhali geyimə 700 milyon manat pul xərcləyib. Belə ki, bu ilin yanvar ayında Azərbaycanda istehlakçılara 701,6 milyon manat dəyərində toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 36 milyon manat və ya 5,4% çoxdur.
Maraqlıdır, geyimlərə daha çox xərc çəkilməsi nə ilə bağlıdır?
Mövzu ilə bağlı iqtisadçı ekspert Razi Abasbəyli Bakues.az-a açıqlamasında bildirib ki, bu göstəricilər Azərbaycan vətəndaşlarının geyim xərcləri üzrə gəlirlərinin artdığını deyil, sadəcə olaraq qiymətlərin bahalaşdığını əks etdirir.
Onun sözlərinə görə, yanvar ayında əhalinin istehlak səbətində geyim xərclərinin artması, ilk növbədə, inflyasiya ilə bağlıdır:
“Yüngül sənayedə parçanın, aksessuarların və digər istehsal üçün lazım olan mal və materialların qiyməti bahalaşıb. Xüsusilə də dünya bazarında parçanın qiyməti təxminən 7 %-ə qədər bahalaşıb. Eyni zamanda dünya birjalarında pambıq və pambıq liflərinin də qiymətlərində artımlar müşahidə olunur. Pambıqçılıq və ipəkçiliyin dünya üzrə statistik göstəricilərində təxminən 11 faizə qədər tədarük azalması müşahidə olunub. Bu amillər geyim bazarlarında qiymətlərin bahalaşmasına səbəb olur. Əlbəttə ki, bu vəziyyət vətəndaşların xərclərinin artmasına gətirib çıxarır”.
Ekspert vurğulayıb ki, qiymətlərin bahalaşmasını şərtləndirən digər amillərdən biri də logistik problemlərdir. Bu problem maya dəyərinin bahalaşmasına səbəb olur.
“Azərbaycan idxalçı ölkədir. Ölkəmiz geyim üzrə demək olar ki, 94% idxal edən ölkədir.
İdxaldan asılıq fonunda xarici valyutaların bahalaşması Azərbaycanda inflyasiyanın yüksəlməsinə, milli valyutanın dəyərinin hər gün azalmasına və xərclərin artmasına səbəb olur. Bundan başqa, mövsümi şərtlər də geyimlərin qiymətinə təsirsiz ötüşmür. Adətən dekabr və yanvar aylarında isti geyimlərə olan tələbat artır. Vətəndaşlar daha çox geyim almaq məcburiyyətində qalırlar. Yay ayları ilə müqayisədə vətəndaşlar daha çox isti geyimlərə üstünlük verdiklərinə görə xərcləri artır”, – deyə R. Abasbəyli bildirib.
Günel Qurbanova