Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində hadisə nəticəsində sürücünün ölməsi faktını təsdiqləyiblər.

Bakues.az xəbər verir ki, mərkəzdən bildirilib ki, fevralın 5-də saat 09:45 radələrində Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən yol-nəqliyyat hadisəsi səbəbilə çağırış qeydə alınıb.

Təcili tibbi yardım briqadası tərəfindən 2004-cü il təvəllüdlü kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.

***14:11

“Bu gün saat 09:45 radələrində Xaçmaz-Qusarçay sahəsində minik avtomobili dəmiryol keçidindən keçid qaydalarını pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb”.

Bakues.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Minik avtomobilinin sürücüsü xəstəxanaya aparılıb.

Hadisə nəticəsində dəmiryol infrastrukturuna zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

“ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır”, – qurumdan qeyd edilib.

***12:42

Xaçmaz rayonunun Nərəcan kəndində dəmir yolu keçidində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakues.az xəbər verir ki, qatar dəmir yolu keçidini keçən “VAZ” markalı minik avtomobilini vurub. Nəticədə avtomobilin sürücüsü, Xaçmaz rayonunun Ağtala kənd sakini 22 yaşlı Səid Çələbiyev hadisə yerində ölüb.

Faktla bağlı raşdırma aparılır.