ABŞ yaxın vaxtlarda İsrail təhlükəsizlik xidmətlərinin yoxlamasından keçmiş 4 min fələstinlinin Qəzza zolağında polis kimi xidmət etmək üçün peşə hazırlığı keçmək məqsədilə Misirə göndərilməsinə nail olmağı planlaşdırır.
Bakues.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.
ABŞ Qəzza zolağının cənubunda yerləşən ərazilərdən birinin idarəçiliyini Sülh Şurasının formalaşdırılması ilə məşğul olduğu texnokratik Fələstin administrasiyasına təhvil verməyi də planlaşdırır. Vaşinqton bununla yanaşı, Qəzza zolağında beynəlxalq sabitləşdirici qüvvələrinin yerləşdirilməsini, qış mövsümündə anklava müvəqqəti yaşayış evlərinin və tikinti materiallarının gətirilməsini nəzərdə tutur.
Ağ Ev və Sülh Şurası bu zəruri addımların siyahısını İsrail hökumətinə təqdim edib. Sülh planının həyata keçirilməsində növbəti irəliləyiş İsrailin mövqeyindən asılıdır. ABŞ İsrailin qeyd olunan tədbirlərə mane olmayacağına ümid edir.




