Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.

Bu barədə Bakues.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Görüşdə ikitərəfli münasibətlərin cari vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, habelə regional və beynəlxalq gündəlikdəki məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Gürcüstanın Azərbaycanın yaxın dostu və strateji tərəfdaşı olduğu vurğulanıb, ölkələrimiz arasında münasibətlərin tarixi dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslandığı bildirilib.

Dövlət başçıları səviyyəsində intensiv dialoqun strateji tərəfdaşlıq gündəliyinin formalaşdırılmasında müstəsna rolu, habelə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin və digər institusional mexanizmlərin bu tərəfdaşlığın möhkəmləndirilməsindəki əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında müxtəlif sahələri əhatə edən zəngin müqavilə-hüquq bazasına və parlamentlərarası əlaqələrə diqqət çəkilib.

İqtisadi-ticarət əməkdaşlığının müsbət dinamikasından məmnunluq ifadə olunub, qarşılıqlı investisiyaların, biznes əlaqələrinin və ticarətin şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın son iclasında əldə edilmiş razılaşmaların icrasının vacibliyi diqqətə çatdırılıb.

Enerji sahəsində tərəfdaşlığın regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfəsi qeyd edilərək, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi layihələrinin əhəmiyyəti vurğulanıb. Təbii qaz və elektrik enerjisinin təchizatı və tranzitinə dair imzalanmış sazişlərin, eləcə də Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair razılaşmanın yeni imkanlar yaratdığı bildirilib. Xəzər dənizi-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin irəlilədilməsinin əhəmiyyəti qeyd olunub.

Nəqliyyat və logistika sahəsində Orta Dəhlizin strateji əhəmiyyətinə toxunulub, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işlərinin tamamlanması müsbət nəticə kimi qiymətləndirilib.

Humanitar sahədə xalqlarımız arasında tarixi dostluq əlaqələrinin, turizm, təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb. Bakı-Tbilisi sərnişin dəmir yolu əlaqəsinin bərpasının ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsindəki rolu qeyd edilib.

Regional və beynəlxalq məsələlərə toxunularaq, Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı hörmət və dəstəyə əsaslanan əməkdaşlığından məmnunluq ifadə edilib. Regional platformalara, o cümlədən Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatına diqqət çəkilib.

Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, regional iqtisadi əməkdaşlığın və tranzit əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla iqtisadi əlaqələrin inkişafı istiqamətində atdığı konkret addımlar, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və Azərbaycan mənşəli neft məhsullarının Gürcüstan ərazisindən Ermənistana ixracına başlanılması kimi fəaliyyətlər barədə həmkarını məlumatlandırıb. Gürcüstanın bu prosesə verdiyi töhfə yüksək qiymətləndirilib.

Bununla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və mina təhlükəsinin yaratdığı çətinliklər barədə qarşı tərəfə məlumat verilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.