Türkiyənin "Beşiktaş" futbol komandasını daşıyan təyyarə Batuma səfər zamanı təhlükəli vəziyyətlə üzləşib.

Bakues.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata əsasən, uçuş zamanı təyyarəyə ildırım dəyib, eyni zamanda güclü turbulentlik baş verib. UEFA Avropa Liqasının V turunda "Hapoel Beer-Şeva" ilə oynamaq üçün Batuma yola düşən komanda əlverişsiz hava şəraiti səbəbindən təyinat məntəqəsinə enə bilməyib.

Buna görə də təyyarənin marşrutu dəyişdirilərək Türkiyədəki Rizə-Artvin hava limanına yönəldilib. Burada azarkeşlərin qarşılamasından sonra "Beşiktaş"ın futbolçuları və klub nümayəndələri Sarp sərhəd-keçid məntəqəsinə doğru yola çıxıblar.

Qeyd edək ki, komandalar arasında qarşılaşma noyabrın 26-da Batumda baş tutacaq.