“Maraqların vaxtında müəyyən edilməsi və qarşısının alınması dövlət idarəçiliyinin mühüm elementlərindən biri olmalıdır”.

Bakues.az xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin bu gün keçirilən iclasında gündəliyin səkkizinci məsələsi – “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, qanun layihəsi dövlət institutlarına etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və Prezident İlham Əliyevin 2022-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Fəaliyyət Planı”nın icrası məqsədilə hazırlanıb.

Deputatın sözlərinə görə, maraqlar toqquşması dövlət vəzifəsini həyata keçirən şəxsin şəxsi maraqları ilə xidməti vəzifələri arasında ziddiyyət yarandıqda və ya belə bir ziddiyyətin yaranması ehtimalı olduqda meydana çıxır. Bu zaman əsas məqsəd şəxsi maraqların ictimai mənafedən üstün tutulmasının qarşısını almaqdır.

A.Nağıyev qeyd edib ki, dövlət satınalmaları, işə qəbul, vəzifəyə təyinat və maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı qərarlarda vəzifəli şəxsin özünün, yaxın qohumlarının və ya əlaqəli şəxslərin marağı olduqda obyektivlik və qərəzsizlik məsələsi ortaya çıxır. Belə hallarda şəxsi maraqlar açıqlanmalı və qərarların qanunvericiliyə uyğun qəbul edilməsi təmin olunmalıdır.

O, maraqlar toqquşması ilə korrupsiyanın eyni anlayışlar olmadığını xüsusi vurğulayıb. Bildirib ki, maraqlar toqquşması özlüyündə hər zaman cinayət hesab edilmir, lakin düzgün idarə olunmadıqda korrupsiya üçün əlverişli şərait yarada bilər.

Deputat qanun layihəsinin əsas istiqamətlərindən birinin maraqlar toqquşmasının əhatə dairəsinin və anlayışlarının dəqiq müəyyənləşdirilməsi olduğunu söyləyib. Onun sözlərinə görə, qanunda bu halların hansı şəxslərə şamil edildiyi, şəxsi maraqların hansı meyarlarla qiymətləndiriləcəyi aydın şəkildə göstərilməlidir.

A.Nağıyev əlavə edib ki, vəzifəli şəxslərin şəxsi, ailəvi, maliyyə və digər maraqlarının xidməti qərarlara təsir göstərə biləcəyi hallar nəzərə alınıb. Digər mühüm məsələ isə maraqların vaxtında bəyan edilməsidir. Vəzifəli şəxsin maraqlar toqquşması ehtimalını müəyyən etdikdə hansı quruma, hansı müddətdə və hansı qaydada məlumat verməli olduğu qanun layihəsində əksini tapıb.