İran ordusunun baş komandanı Əmir Hatəmi Hörmüz boğazının bağlanması rejiminin hər gün daha da sərtləşdirilməsi barədə göstəriş verib. O bildirib ki, İranın irəli sürdüyü yeddi şərt yerinə yetirilməyənədək boğaz açılmayacaq.
Bakues.az "TASS"a istinadən xəbər verir ki, Hatəmi bu barədə İran ordusunun yüksək rütbəli komandanları ilə görüşündə Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İraniyə tapşırıq verib.
Onun sözlərinə görə, Hörmüz boğazı İranın geosiyasi gücünün və İslam Respublikasının qüdrət sisteminin bir hissəsidir. Hatəmi qeyd edib ki, İranın yeddi şərti yerinə yetirilənədək boğaz açılmayacaq, əksinə, onun bağlanması ilə bağlı məhdudiyyətlər hər gün daha da sərtləşdiriləcək və nəzarət gücləndiriləcək.
Daha əvvəl İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Tehranının Vaşinqtona tələblərini göndərdiyini və cavab gözlədiyini açıqlayıb.
KİV-in məlumatına görə, İranın şərtləri arasında sanksiyaların ləğvi, aktivlərin dondurulmasının aradan qaldırılması, İran limanlarına qarşı dəniz blokadasına son qoyulması, müharibə nəticəsində dəymiş zərərin ödənilməsi və Livan da daxil olmaqla regionda hərbi əməliyyatların dayandırılması yer alır.
Asim




