Hindistanda pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün nəzərdə tutulan mobil mikro-raket sistemi JWALA MK-1-in sınaqları uğurla keçirilib.

Bakues.az "TASS"a istinadən xəbər verir ki, bu barədə sistemin hazırlayıcısı olan “IG Defence” şirkəti məlumat yayıb.

Sınaqlar Racastan ştatındakı Pokharan poliqonunda baş tutub. Hindistanda ilk avtonom raket platforması hesab olunan JWALA MK-1 beş kilometrədək məsafədə pilotsuz uçuş aparatlarını aşkarlamaq, müəyyənləşdirmək və zərərsizləşdirmək üçün hazırlanıb.

Şirkətin məlumatına görə, sistem avtonom idarəetmə və döyüş şəraitində operativ tapşırıqların yerinə yetirilməsi üçün süni intellektə əsaslanan GRID kompleksindən istifadə edir.

“IG Defence” şirkətinin baş direktoru Bodhisattva Sanqhapriyanın sözlərinə görə, yeni sistemin tətbiqi Hindistanın xarici ölkələrdən hava hücumundan müdafiə vasitələrinin alınmasından asılılığını azaltmağa və müasir silahların, o cümlədən süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanan sistemlərin yerli istehsalını genişləndirməyə imkan verəcək.

KİV-in məlumatına görə, JWALA MK-1 Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) tərəfindən hazırlanmış, sınaqlardan keçmiş və seriyalı istehsala hazır olan 30 kilovat gücündə mobil lazer qurğularını tamamlayacaq. Həmin qurğular beş kilometrədək məsafədə dronların qarşısını almaq üçün nəzərdə tutulub.

Bundan əvvəl Hindistanda 2 kilovat gücündə lazer silahı da hazırlanıb. Onun istehsalı “Adani”, “Astra” və “Bharat Electronics Limited” (BEL) müdafiə şirkətlərinə həvalə edilib.

Bundan başqa, Hindistanın “Larsen & Toubro” və BEL korporasiyaları ölkənin çoxmərhələli “Sudarşan Çakra” hava hücumundan müdafiə sisteminin yaradılması proqramı çərçivəsində hava hədəflərini məhv etmək üçün 10 kilovat gücündə lazer sistemlərinin istehsalına dair Müdafiə Nazirliyinin sifarişini alıblar.

Asim