Mədəaltı vəzi xərçənginin ilkin mərhələdə aşkarlanmasını çətinləşdirən əsas xüsusiyyətlərdən biri xəstəliyin uzun müddət nəzərəçarpan simptomlar olmadan inkişaf etməsidir. Nəcisin rənginin açılması, sidiyin tündləşməsi və qarın ağrısı xəstəliyin mümkün əlamətləri hesab olunur.

Bakues.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, bu barədə Cənubi Karolina Tibb Universitetinin alimləri məlumat yayıb.

Mütəxəssislərin bildirdiyinə görə, xəstəliyin əsas əlamətlərindən biri dəri və gözlərin ağının saralması ilə müşayiət olunan sarılıqdır. Bu hal şişin öd axınına mane olması nəticəsində yaranır. Eyni səbəbdən nəcisin rəngi qeyri-adi dərəcədə açılır, sidik isə tündləşir.

Həkimlər qarının yuxarı və ya orta hissəsində yaranan, bəzən kürəyə yayılan ağrıları da xəbərdaredici əlamət kimi qiymətləndirirlər. Bundan başqa, səbəbsiz çəki itkisi, davamlı yorğunluq və iştahanın azalması da xəstəliyin simptomları sırasındadır.

Bununla belə, qeyd olunan əlamətlər mütləq xərçəng xəstəliyinin mövcudluğunu göstərmir. Onlar digər sağlamlıq problemləri ilə də əlaqəli ola bilər. Lakin belə simptomlar müşahidə edildikdə həkimə müraciət etmək və müayinədən keçmək tövsiyə olunur.
Ekspertlər mədəaltı vəzi xərçənginin diaqnostikasının çətin olduğunu və xəstəliyin çox vaxt gec aşkarlanmasını bildiriblər. Məlumata görə, bu diaqnoz qoyulan pasiyentlərin təxminən dörddə biri ən azı bir il yaşayır, beşillik sağqalma göstəricisi isə 5 faizdən çoxdur.

Xəstəliyin yaranma riski yaş artdıqca yüksəlir. Siqaret çəkmək, alkoqoldan sui-istifadə, piylənmə və fiziki aktivliyin aşağı olması da risk faktorları sırasında göstərilir.

Bundan əlavə, qırmızı ətin çox istehlakının da riski artıra biləcəyi qeyd olunur. Ətin yüksək temperaturda qızardılması, hisə verilməsi, eləcə də tərkibinə nitrit və nitrat kimi konservantların əlavə edilməsi hüceyrələrin DNT-sinə zərər verə bilən birləşmələrin yaranmasına səbəb ola bilər.

Asim