Rusiya Avropa ölkələrinin siyasi elitasının Ukraynada münaqişənin davam etdirilməsinə deyil, sülh prosesinə töhfə verməyə nə dərəcədə hazır olduğunu müəyyənləşdirmək niyyətindədir.

Bakues.az "Rg.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Kremlin nümayəndəsindən Avropa təmsilçilərinin danışıqlarda tamhüquqlu iştiraklarına təminat veriləcəyi təqdirdə Ukrayna ilə bağlı müzakirələr aparmaq üçün Moskvaya səfər edəcəkləri barədə yayılan məlumatlara münasibət bildirməsi istənilib.

Peskov qeyd edib ki, Rusiya Avropa İttifaqının nümayəndələri ilə görüş keçirməyə hazırdır. Onun sözlərinə görə, əsas məqsəd Avropa tərəfinin münaqişənin sülh yolu ilə həllinə nə dərəcədə töhfə verə biləcəyini və mövqeyinin sülh prosesinin qurulması ilə nə qədər uzlaşdığını anlamaqdır.

Kremlin sözçüsü bu məsələnin mahiyyətini belə ifadə edib: söhbət sülh istəyənlər koalisiyasından, yoxsa müharibənin davam etdirilməsini dəstəkləyənlər koalisiyasından gedir. Qeyd edək ki, bu ifadə Ukraynada mümkün sülhməramlı missiyada iştirak edə biləcəklərini bildirən Qərb ölkələrinə aiddir.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Çində keçirilən mətbuat konfransında Aİ nümayəndələrinə mövqelərini izah etmək üçün Moskvaya gəlməyi təklif etdiklərini təsdiqləyib.

Dəvət olunan şəxslərin konkret siyahısı açıqlanmasa da, Peskov bu məsələ ilə bağlı müəyyən təmasların aparıldığını bildirib. Kremlin mövqeyinə görə, Aİ siyasətçilərinin səsləndirdiyi bəyanatların əksəriyyəti hələlik münaqişənin davam etməsinə daha çox şərait yaradır.

Asim