Ailə münasibətlərində xəyanət, qısqanclıq, psixoloji təzyiq və zorakılıq, boşanmadan sonra davam edən qarşıdurmalar cəmiyyətdə ciddi sosial problemlərdən biri olaraq qalır. Bəzi hallarda münasibət bitsə də, tərəflər bir-birinin şəxsi həyatına müdaxilə etməyə davam edir, hətta bu münaqişələr cinayətlə nəticələnir.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Bakues.az-a açıqlamasında ailə münasibətlərində xəyanət, qısqanclıq, boşanma sonrası qarşıdurmalar və namus adı ilə törədilən cinayətlər barədə danışıb.

Psixoloqun sözlərinə görə, ailə qurmaq da, boşanmaq da mədəniyyət və məsuliyyət tələb edir. Qarşılıqlı hörmət və məsuliyyət olmadıqda ailə münasibətləri zorakılıq və cinayət riski daşıyan mühitə çevrilə bilər:

"Davamlı mübahisə, təhqir və psixoloji təzyiq şəraitində birgə yaşamağı davam etdirmək sağlam münasibət sayıla bilməz. Nikahın formal şəkildə davam etməsi də ailənin sağlam olduğunu göstərmir".

Psixoloq xəyanətin insanın öz seçimi olduğunu və buna görə məsuliyyətin həmin şəxsin üzərinə düşdüyünü vurğulayıb. O, evliliyin psixoloji problemlərin həlli olmadığını, nikahın aqressiv davranışları avtomatik dəyişmədiyini qeyd edib.

R.Nəcəfov boşanmadan sonra keçmiş həyat yoldaşının şəxsi həyatına müdaxilə, təhdid və təqib hallarını da yolverilməz hesab edib. Bildirib ki, heç bir ənənə, namus və qeyrət anlayışı zorakılığa bəraət qazandıra bilməz:

"Bütün bunların ortasında uşaqlar qalır. Cinayət törətmiş şəxsi namus və qeyrət adı ilə alqışlayanlar isə həmin cinayətin nəticələri ilə üzləşən, valideynsiz qalan uşaqların gələcəyinə sahib çıxmırlar. Cinayətkarı müdafiə etmək asandır. Dağılmış həyatların məsuliyyətini daşıyan yoxdur".

Ekspert vurğulayıb ki, nikah heç kimə digərinin həyatı üzərində sahiblik hüququ vermir. Boşanmadan sonra da valideynlər uşaqlarının təhlükəsizliyi, təhsili və psixoloji sağlamlığı üçün məsuliyyət daşıyırlar.

"Ailənin formal davamlılığı insanın azadlığından, sağlamlığından və ləyaqətindən üstün tutulmamalıdır", - deyə müsahibimiz qeyd edib.

Əsəd