Qəbələdə sahibkara məxsus qeyri-yaşayış obyektlərinin üzərindən keçən 10 kV-luq elektrik xəttinin köçürülməsi ilə bağlı “Azərişıq” ASC-yə qarşı məhkəmə mübahisəsi yekunlaşıb.
Bakues.az "Plat.az"a istinadən xəbər verir ki, iddiaçı Yunus Həsənov Qəbələ rayonunun Zarağan kəndində xüsusi mülkiyyətində olan 1,23495 hektar torpaq sahəsi və həmin ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin üzərindən keçən 10 kV-luq elektrik hava xəttinin köçürülməsi tələbi ilə məhkəməyə müraciət edib.
İş materiallarına əsasən, iddiaçıya məxsus torpaq sahəsi Qəbələ-Şəki yolayrıcında yerləşir. Ərazidə avtomobillərə servis xidməti göstərmək üçün tikilmiş sexlər, şadlıq sarayı, ticarət mərkəzi və digər qeyri-yaşayış obyektləri mövcuddur. İddiaçı həmin obyektlərdən birinin – 611,1 kvadratmetr sahəsi olan qeyri-yaşayış binasının mülkiyyət hüququnu təsdiq edən çıxarışının olduğunu bildirib.
Yunus Həsənov iddia ərizəsində qeyd edib ki, 2013-2014-cü illərdə yol çəkilişi zamanı "Azərişıq" ASC-nin Qəbələ Elektrik Şəbəkəsinin balansında olan 10 kV-luq hava xətti onun mülkiyyətindəki qeyri-yaşayış obyektlərinin üzərindən keçirilib. İddiaçı bildirib ki, xətt qonşuluqda yerləşən “Makro Market” obyektinin elektrik təchizatında istifadə olunub və sonradan elektrik xəttinin obyektlərdən kənarlaşdırılması ilə bağlı dəfələrlə Qəbələ Elektrik Şəbəkəsinə şifahi və yazılı müraciətlər edib.
Onun sözlərinə görə, mövcud vəziyyət yalnız mülkiyyət hüquqlarına müdaxilə yaratmır, həm də obyektlərdə çalışan şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır.
İddiaçı bu əsaslarla 10 kV-luq elektrik xəttinin obyektlərindən ən azı 10 metr kənara çəkilməsi üçün “Azərişıq” ASC-nin üzərinə öhdəlik qoyulmasını istəyib.
Cavabdeh “Azərişıq” iddiaya etiraz edərək bildirib ki, mübahisəli 10 kV-luq hava xətti 1983-cü ildə tikilərək istismara verilib. Şirkətin mövqeyinə görə, 2020-ci ildə xəttin qida mənbəyi dəyişdirilsə də, ümumi trassasında dəyişiklik edilməyib.
Cavabdeh həmçinin qeyd edib ki, 2015-ci ildə yolun genişləndirilməsi ilə əlaqədar xəttin dörd dayağı və dayaqlar arasındakı naqillər iddiaçının razılığı ilə ona məxsus qeyri-yaşayış obyektinin yaxınlığında quraşdırılıb.
“Azərişıq” hesab edib ki, Yunus Həsənov mülkiyyət hüququna istinad edərkən ərazidə yerləşən çoxsaylı fərdi yaşayış evlərinin elektrik enerjisi ilə təmin edilməsində xəttin ictimai əhəmiyyətini nəzərə almayıb. Cavabdeh həmçinin xəttin köçürülməsi üçün müvafiq ərazinin olmadığını və bunun texniki baxımdan mümkün olmadığını bildirib.
Məhkəmənin qərardadı ilə iş üzrə mühəndis-texniki ekspertizası təyin edilib.
Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik Hüquqi Şəxsin Qəbələ Ərazi İdarəsinin 2025-ci il tarixli mütəxəssis rəyi əsasında yerquruluşu planı tərtib olunub. Mütəxəssis araşdırması nəticəsində mübahisəli 10 kV-luq hava xəttinin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin üzərindən keçdiyi müəyyən edilib.
İş materiallarında həmçinin Energetika Nazirliyinin 2023-cü il tarixli məktubu da yer alıb. Həmin məktubda araşdırma zamanı Qəbələ Elektrik Şəbəkəsinin balansında olan 10 kV-luq hava xəttinin bir hissəsinin iddiaçıya məxsus avtomobil sexlərinin üzərindən keçdiyi, həmin hissədə elektrik dayağının əyilmiş vəziyyətdə olduğu bildirilib. Məktuba əsasən, 10 kV-luq hava xətti ilə avtomobil təmiri sexinin dam örtüyü arasındakı şaquli məsafə təxminən 2 metr olub. Bundan əlavə, həmin xəttin aşağı hissəsi ilə çəkilmiş 0,4 kV-luq hava xəttinin bir hissəsinin sexlərin dam örtüyü ilə birbaşa təmasda olduğu göstərilib.
Energetika Nazirliyi qüvvədə olmuş “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə istinad edərək bildirib ki, müəyyən hallarda hava xətlərinin bina və tikililərin dam örtükləri üzərindən keçirilməsinə icazə verilsə də, naqillərlə dam örtüyü arasında şaquli məsafə 2,5 metrdən az olmamalıdır. Ərazidə bədbəxt hadisələrin qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsi üçün müvafiq qurumlara məktublar göndərildiyini də bildirilib.
Mübahisəyə baxan məhkəmə təqdim edilmiş sübutları, ekspert rəyini və aidiyyəti dövlət qurumlarının məktublarını qiymətləndirib. Məhkəmə müəyyən edib ki, 10 kV-luq elektrik hava xətti iddiaçıya məxsus qeyri-yaşayış sahələrinin üzərindən keçir. Qətnamədə xəttin iddiaçının obyektlərinin üzərindən qanunla müəyyən edilmiş məsafə tələblərinə əməl edilmədən və müvafiq razılıq alınmadan çəkildiyi qənaətinə gəlinib.
Məhkəmə bu vəziyyətin yanğın, insan tələfatı və digər ağır nəticələrə səbəb ola biləcək təhlükə yaratdığını qeyd edib.
Mütəxəssis rəyində də belə halların baş verməsi təqdirdə müvafiq şəbəkənin sahibinin məsuliyyət daşıdığı göstərilib.
Məhkəmə həmçinin müəyyən edib ki, mübahisəli elektrik xəttinin yeri 2015-ci ildə yol tikintisi ilə əlaqədar dəyişdirilərək iddiaçıya məxsus obyektlərin üzərindən keçirilib və bununla bağlı qanunla müəyyən edilmiş məsafə tələblərinə əməl olunmayıb.
Qətnamədə cavabdehin elektrik enerjisinin istehsalı və satışı sahəsində təbii inhisarçı subyekt kimi fəaliyyət göstərdiyi və öz fəaliyyətində insanların həyat və sağlamlığının, habelə mülkiyyətçilərin əmlakının təhlükəsizliyini təmin etməli olduğu vurğulanıb.
Məhkəmə baxışı zamanı tərəflərin barışması üçün dəfələrlə cəhd göstərilib. Yunus Həsənov özünə məxsus ərazidən keçən xətt hissəsinin kənarlaşdırılması ilə bağlı müəyyən maddi köməklik göstərməyə hazır olduğunu bildirib. “Azərişıq” ASC isə “Bazar Store” obyektinin sahibinin də işə cəlb olunmasını istəyib.
Məhkəmə həmin şəxsin mübahisənin mahiyyətinə aidiyyəti olmadığını əsas gətirərək işə cəlb edilməsinə ehtiyac görməyib.
Tərəflər arasında ortaq razılıq əldə olunmadığından barışıq məhkəmə tərəfindən təsdiq edilməyib.
Birinci instansiya məhkəməsinin qətnaməsindən “Azərişıq” apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını istəyib.
Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyib. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə düzgün nəticəyə gəldiyini, qəbul edilmiş qətnamənin qanuni və əsaslı olduğunu bildirib. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə əsassız və formal mülahizə xarakterli hesab edilib.
Bundan sonra “Azərişıq” kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını və ya işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş edib.
Ali Məhkəmənin qərarına əsasən, cavabdehin kassasiya şikayəti təmin edilməyib, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Beləliklə, iddiaçı Yunus Həsənovun mülkiyyətində olan qeyri-yaşayış obyektlərinin üzərindən keçən 10 kV-luq elektrik xəttinin qanunla müəyyən edilmiş məsafə tələblərinə uyğunlaşdırılması ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qalıb.




