“Avropa ölkələrinin Azərbaycana intensiv səfərləri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin ölkəmizə gətirdiyi dividendlərin göstəricisidir”.
Bakues.az xəbər verir ki, bunu deputat Elman Nəsirov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son həftələrdə Avropa ölkələrinin yüksəkvəzifəli nümayəndələrinin Azərbaycana intensiv səfərləri ölkəmizə artan strateji marağın göstəricisidir.
O, Almaniya, İtaliya, Monteneqro, Gürcüstan, Litva və Estoniyadan yüksəkvəzifəli şəxslərin Azərbaycana səfərlərini xatırladaraq, bu diplomatik fəallığın arxasında ciddi strateji maraqların dayandığını vurğulayıb.
E.Nəsirov qeyd edib ki, Avropa ölkələrinin Azərbaycana marağının əsas səbəblərindən biri ölkəmizin enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi uğurlu siyasətdir.
Deputat qeyd edib ki, 2021-ci ildə Avropaya 8,2 milyard kubmetr qaz ixrac edildiyi halda, hazırda Azərbaycanın 13 Avropa ölkəsinə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə qaz tədarükü həyata keçirilir. İxracın həcmi isə təxminən 12,8-13 milyard kubmetrə çatıb.
O, Azərbaycanın nəqliyyat-logistika sahəsindəki rolunun da Avropa üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Deputat Avropa İttifaqı ilə Azərbaycan arasında keçirilən yüksək səviyyəli nəqliyyat dialoquna və qurumun Orta Dəhlizin strateji əhəmiyyətinə dair mövqeyinə diqqət çəkib.
E.Nəsirov Avropa ölkələrinin Azərbaycana marağının digər mühüm səbəbinin regionda sülh prosesi olduğunu söyləyib. Onun fikrincə, Avropa ölkələri Azərbaycanın regionda sülhün təmin olunmasındakı rolunu və bu prosesin Avropanın maraqları baxımından əhəmiyyətini yaxşı anlayırlar.
Deputat vurğulayıb ki, Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi və kommunikasiya sahələrində həyata keçirdiyi siyasət ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirir.




