Rusiya alimləri Aya uçuşlar üçün nəzərdə tutulan pilotlu kosmik gəminin hazırlanmasında istifadə ediləcək yeni hesablama proqramı yaradıblar.
Bakues.az xəbər verir ki, proqram özlülüyə malik maye və qazların hərəkətini təsvir edən Navye-Stoks tənliklərinin həlli üçün nəzərdə tutulub. Bu barədə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin “Elm Sibirdə” nəşri məlumat yayıb.
Yeni proqram Rusiyanın “Oryol” adlı çoxistifadəli pilotlu kosmik gəmisinin hazırlanması zamanı aparılan hesablamalarda tətbiq ediləcək. “RKK Energiya” tərəfindən hazırlanan gəmi uzaq kosmik ekspedisiyalar üçün nəzərdə tutulub. Gələcəkdə onun Aya və Yerətrafı orbitdən kənara uçuşlarda istifadəsi planlaşdırılır.
Nəşrin məlumatına görə, proqram termodinamik tarazlığın pozulmasını və kimyəvi prosesləri nəzərə almaqla qazların hərəkətini və müxtəlif obyektlərin ətrafında axınını modelləşdirməyə imkan verir. Bununla da bahalı praktiki sınaqlara ehtiyac azalır.
Bildirilib ki, yeni alət xarici proqram təminatını əvəz etməklə texnoloji müstəqilliyi təmin edir. O, müxtəlif hesablama şəbəkələri ilə işləyir və konstruksiyanın optimal xüsusiyyətlərini müəyyənləşdirmək üçün parametrləri dəfələrlə dəyişməyə imkan verir.
Proqram artıq Rusiyanın yerli proqram təminatı reyestrinə daxil edilib. Hazırda tərtibatçılar onun təkmilləşdirilməsi, həmçinin mütəxəssislər üçün istifadəsini asanlaşdıracaq qrafik interfeysin əlavə edilməsi üzərində çalışırlar.
Asim




