Bakı şəhəri Babək prospekti 62 ünvanında yaşayan sakinlər mənzillərinə bir aya yaxındır istilik verilmədiyini bildirirlər.

Bakues.az xəbər verir ki, bu barədə "Qaynar Xətt"ə şikayət daxil olub.

Sakinlərin sözlərinə görə, əvvəlcə istiliyin verilməməsi qonşu binada borunun partlaması ilə əlaqələndirilib. 

Onlara problemin aradan qaldırılmasından sonra istiliyin bərpa olunacağı bildirilsə də, təmir işləri yekunlaşdıqdan sonra da mənzillərdə istilik olmayıb.

Şikayətçi qeyd edib ki, məsələ ilə bağlı dəfələrlə qaynar xəttə müraciət edib. Lakin hər dəfə yerli idarənin əməkdaşlarına yönləndirilib və problemin həll ediləcəyi vədini alıb.

Sakin iddia edir ki, son müraciətlərindən birində mənzilinin istiliklə bağlı hesabat siyahısından çıxarıldığı və yenidən siyahıya daxil edilməli olduğu bildirilib. Bununla yanaşı, mənzildə yerində baxış keçirilməyəcəyi də qeyd olunub.

Şikayətçinin sözlərinə görə, qaynar xəttə növbəti müraciəti zamanı isə ona mənzilin məlumatı olmadan hesabatdan çıxarılmasının düzgün olmadığı bildirilib. Qeyd olunub ki, bunun üçün əvvəlcə yerində baxış keçirilməli və müvafiq akt tərtib edilməlidir.

Sakin vurğulayıb ki, ötən il binada istiliklə bağlı heç bir problem yaşanmayıb. Bu il isə bir aya yaxındır davam edən problemin həlli ilə bağlı hələ də konkret nəticə yoxdur.

Məsələ ilə bağlı “Azəristiliktəchizat”ın mövqeyini dərc etməyə hazırıq.