Rusiyanın Volqoqrad vilayətində elektron siqaretlərin pərakəndə satışını qadağan edən qanun qəbul edilib.

Bakues.az xəbər verir ki, vilayət parlamenti müvafiq qanun layihəsini iki oxunuşda təsdiqləyib.

Qadağa 2027-ci il martın 1-dən qüvvəyə minəcək. Qanunla siqaret çəkilməsi qadağan olunan ərazilərin siyahısı da genişləndirilib. Belə ki, parklarda, xiyabanlarda, şəhər meşələrində, ictimai nəqliyyat dayanacaqlarında, yeraltı keçidlərdə, avtomobil dayanacaqlarında, eləcə də dövlət qurumlarının və ticarət obyektlərinin ətrafında siqaret çəkmək qadağan ediləcək. Qaydaları pozan şəxslər cərimələnəcəklər.

Bildirilib ki, istifadə olunmuş elektron siqaretlər hazırda tullantıların konkret kateqoriyasına aid edilməyib. Buna görə də onların ətraf mühitə zərər vermədən utilizasiyası üçün hüquqi mexanizmlərin hazırlanması nəzərdə tutulur.

Oxşar qadağalar Rusiyanın digər bölgələrində də tətbiq edilir. Təkcə cümə axşamı Lipetsk vilayəti və Krımda elektron siqaretlərin satışına məhdudiyyət qoyulub. Ümumilikdə, federasiyanın 20-dən çox subyektində bu istiqamətdə tədbirlər görülüb. Yaxın vaxtlarda qadağanın tətbiq ediləcəyi bölgələrin sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.