Niderlandın Baş naziri Rob Yetten Avropa İttifaqına (Aİ) üzv ölkələrin Ukraynanın maliyyələşdirilməsində iştirakdan imtina etmək hüququnun olmadığını bəyan edib.

Bakues.az “European Pravda”ya istinadən xəbər verir ki, bu barədə Niderlandın baş naziri məlumat yayıb.

Rob Yettenin sözlərinə görə, Ukrayna təkcə öz azadlığı uğrunda deyil, həm də Avropa demokratiyası və dəyərləri uğrunda mübarizə aparır. Buna görə də Avropa ölkələri Kiyevlə həmrəy olmalı və onu dəstəkləməlidir.

Baş nazir yaxın gələcəkdə Ukraynanın daha çox maliyyə və hərbi yardıma ehtiyac duyacağını vurğulayıb.

“Bundan heç bir ölkə imtina edə bilməz. Hamı ukraynalılarla həmrəyliyini nümayiş etdirməlidir. Niderland uzun illərdir bunu edib və etməkdə davam edir”, – Yetten bildirib.

Noyabrın 24-də Ukrayna Prezidenti Volodimir Zelenski 2027-ci ildə ölkəsinin 115 milyard avro xarici maliyyəyə ehtiyac duyacağını açıqlayıb. Onun sözlərinə görə, Kiyev Avropa İttifaqından 90 milyard avro almağı gözləyir. Dövlətin bütün maliyyə ehtiyaclarını qarşılamaq üçün əlavə 25 milyard avro tapılmalıdır.

Noyabrın 18-də Avropa Komissiyasının 2027-ci ildə Ukraynaya 45 milyard avro həcmində əlavə kredit ayrılmasını təklif etdiyi məlum olub. Vəsaitin 20 milyard avrosunun Ukrayna büdcəsinə dəstək, 25 milyard avrosunun isə hərbi ehtiyaclar üçün nəzərdə tutulduğu bildirilib.

Yeni kredit Aİ-nin 2026–2027-ci illər üçün Ukraynaya əvvəlcədən razılaşdırılmış 90 milyard avroluq maliyyələşdirməsini tamamlamalıdır.

Bundan əvvəl Almaniyada Rusiyanın dondurulmuş aktivlərinin Avropa İttifaqının idarəçiliyinə verilməsi təklif olunub.

Lalə