Bakıda ticarət mərkəzlərində aparılan müşahidələr yerli istehsalçıların illərdir dilə gətirdiyi, amma həllini tapmayan bir problemi yenidən gündəmə gətirib. Belə ki, eyni keyfiyyətdə olan məhsul yerli marka ilə çətin satılır, üzərinə xarici ad vurulanda isə ikiqat qiymətə belə satmaq mümkün olur.
Bu mövzunu "Bakues.az" saytının baş redaktoru və sahibkar Fikrət Məmmədov Bakues.az-a şərh edib.
O bildirib ki, yaxin zamanlarda Sədərək Ticarət Mərkəzinin şirniyyat bazarında və Abşeron Ticarət Mərkəzində gəzərkən çox ağrılı bir mənzərə ilə qarşılaşıb. Dünyanın bir çox ölkəsindən gələn məhsulların satışı pis deyil, amma yerli istehsalçılar əziyyət çəkirlər.
Onun sözlərinə görə, eyni məhsul yerli marka ilə 5000 manata çətin satılır. Türk markası ilə isə eyni məhsul, istehsalçısı azərbaycanlı olsa belə üstünə türk markası olduğuna görə 10 000 manata satılır.
Sahibkar tanıdığı bir istehsalçının timsalında vəziyyəti belə izah edib:
"Azərbaycanda stabilizator hazırlayan istehsalçı öz markası ilə cihazı 5000 manata təklif edəndə alıcılar “bahadır” deyir və ya nisyə istəyirlər. Həmin cihazın üstünə türk iş adamı öz markasını vurur, türk malı kimi təqdim edir və 10 000 manata göz qabağında nağd satış edir. Dünən 5000 manata baha bildiyimiz cihazın üstünə bu gün başqa ad görəndə nəyə görə iki qat pul verməyə razı oluruq? Çox maraqlıdır”.
Azərbaycanda yuyucu vasitələr istehsal etdiklərini vurğulayan F. Məmmədov bildirib ki, məhsulların əksəriyyəti bir çox xarici markadan həm keyfiyyətlidir, həm də qiyməti çox münasibdir. Buna baxmayaraq yenə də eşidirlər ki, “yerli maldır, bir az da ucuz ver” və ya “nisyə ver”.
Sahibkarın sözlərinə görə, alıcı üçün məhsulu yoxlamaq çox asandır. Hər iki şampunu eyni şəraitdə sınaqdan keçirib görmək olar ki, başı yumağa hərəsindən nə qədər gedir, yuma neçəyə başa gəlir və nəticə necədir. Bundan sonra hansı məhsula nə qədər pul verməyin daha sərfəli olduğu aydın olacaq.
"Problem keyfiyyətdə deyil, qavrayışdadır. Biz öz məhsulumuza inanmırıqsa, başqası niyə inansın?", - deyə sahibkar yekunlaşdırıb.
https://youtube.com/shorts/VydpivcGKkY?si=CP5mUZynkcJ2vfAP
Asim




