Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Dnepr çayı boyunca iki hissəyə ayrılması ehtimalından narahatlığını ifadə edib.

Bakues.az "BBC"yə istinadən xəbər verir ki, Zelenski bu barədə müsahibəsində danışıb. O, Ukraynanı çətin qışın gözlədiyini, xüsusilə hava hücumundan müdafiə sistemləri, “Patriot” kompleksləri və Dnepr üzərindəki körpülərlə bağlı ciddi problemlərin yarana biləcəyini bildirib.

Ukrayna liderinin sözlərinə görə, qarşı tərəf çayın hər iki sahili arasında əlaqəni kəsməyə çalışır. O əlavə edib ki, Kiyev sakinləri yaranmış vəziyyətə görə şəhəri tərk etmək qərarına gəlsələr, bu, onların öz seçimidir. Bununla belə, Zelenski belə bir vəziyyətin yaranmasını təəssüf doğuran hal kimi qiymətləndirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 20-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynaya kütləvi zərbələr endirib. Hədəflər arasında hərbi-sənaye kompleksi müəssisələri, enerji və nəqliyyat infrastrukturu obyektləri olub.

KİV-in məlumatına görə, həmin gecə Kiyevə üç dalğa şəklində zərbələr endirilib. Şəhərin meri Vitali Kliçko Dnepr üzərindəki üç körpünün zədələndiyini açıqlayıb. Nəticədə çayın sağ və sol sahilləri arasında hərəkət demək olar ki, tamamilə dayanıb.

Vitali Kliçko sakinlərə zərurət olmadıqda şəxsi avtomobillərdən istifadə etməməyi, müəssisələrə isə mümkün olduğu təqdirdə əməkdaşlarını məsafədən iş rejiminə keçirməyi tövsiyə edib.

Bundan əvvəl Kiyevin bir neçə rayonunda sakinlərin susuz qaldığı bildirilmişdi.

Lalə