ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Federal Təhqiqatlar Bürosu (FBI) və Maliyyə Nazirliyinin sistemlərinə, Avropanın bir sıra ölkələrində isə dövlət qurumları və təşkilatların məlumat bazalarına kiberhücumlar edilib.

Bakues.az "TRT Haber"ə istinadən xəbər verir ki, ABŞ mediasının məlumatına görə, CIA və Milli Kəşfiyyat Direktorunun istifadə etdiyi kompüter şəbəkəsinə müdaxilə olunub. Hücumun hədəfində açıq mənbələrdən əldə edilən məlumatların təhlili sistemi olub.

Həmin sistemdə internet saytları, sosial şəbəkə paylaşımları, peyk görüntüləri və kommersiya məlumat bazalarından toplanan informasiyalar emal edilir. Rəsmilərin bildirdiyinə görə, məxfi sənədlərin saxlanıldığı sistemlərə giriş qeydə alınmayıb.

FBI ölkə üzrə hüquq-mühafizə orqanlarının istifadə etdiyi Milli Cinayət Məlumat Mərkəzinə mümkün kiberhücumla bağlı araşdırma aparır. Bazada axtarışda olan şəxslər, itkin düşənlər, cinayət keçmişi və oğurlanmış əşyalar barədə məlumatlar saxlanılır.

ABŞ Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsi də kibertəhlükəsizlik pozuntusu barədə məlumat yayıb. Bildirilib ki, qurumun bəzi sistemlərinə icazəsiz giriş olub və ehtiyat tədbiri olaraq bir sıra sistemlər müvəqqəti deaktiv edilib.

Avropa ölkələri də kiberhücumların hədəfinə çevrilib. Belçikada kəşfiyyat xidmətinin və Avropa Komissiyasının əməkdaşlarla bağlı məlumat sistemlərinə hücum edilib. Həmçinin 82 bələdiyyənin məlumatlarına daxil olmaq cəhdləri qeydə alınıb.

Almaniyada müdafiə sənayesi müəssisələri, Fransada supermarketlərin soyutma sistemləri və şəxsi məlumatlar, Yunanıstanda isə NATO-dakı Daimi Nümayəndəlik kiberhücumlara məruz qalıb.

Bundan başqa, FIFA-nın da hakerlərin hədəfinə çevrildiyi iddia olunub. Hücum nəticəsində şəxsiyyət sənədləri, maliyyə qeydləri və hüquqi sənədlər daxil olmaqla, 12 GB-dan çox məlumatın ələ keçirildiyi bildirilir.

Lalə