Moskva vilayətinin Krasnoqorsk şəhərində balıq ovu zamanı əlini qarmaqla yaralayan kişi bağayarpağı ilə müalicə etməyə çalışdığı üçün ağır infeksiyaya yoluxub və təcili əməliyyat olunub.
Bakues.az "Rg.ru"ya istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, kişi balıq tutarkən əlinin üst hissəsini qarmaqla zədələyib. O, yaranı su ilə yuduqdan sonra üzərinə bağayarpağı qoyub. İlk vaxtlar zədənin ciddi olduğunu düşünməyən kişinin vəziyyəti bir neçə gün sonra kəskin pisləşib.
Pasiyentin əlində və saidində güclü ağrı və şişkinlik yaranıb, dərisi göyərib, hərarəti yüksəlib. Yarada irinləmə də müşahidə olunub.
Kişi təcili tibbi yardım briqadası tərəfindən Krasnoqorsk Klinik Xəstəxanasına çatdırılıb. Müayinələr nəticəsində onda toxumaların nekrozuna səbəb olan ağır infeksiya – çürümə-nekrotik fleqmona aşkarlanıb.
Rentgen müayinəsi zamanı yumşaq toxumalarda qaz toplanması müəyyən edilib. Bu, anaerob infeksiyanın inkişaf edə biləcəyinə işarə olub. Həkimlər vaxtında müdaxilə edilmədiyi halda infeksiyanın ölümə səbəb ola biləcəyini bildiriblər.
Pasiyent təcili əməliyyat olunub. Cərrahlar infeksiya ocağını açaraq drenaj edib, təxminən 40 millilitr irin və geniş nekrozlaşmış toxuma sahələrini təmizləyiblər. Daha sonra zədələnmiş toxumaların çıxarılması üçün daha iki əməliyyat aparılıb.
Xəstəyə antibiotiklər və infuzion terapiya təyin edilib.
Krasnoqorsk Klinik Xəstəxanasının ikinci cərrahiyyə şöbəsinin müdiri Dmitri Jilkin bildirib ki, müalicə zamanı antibakterial və infuzion terapiya paralel şəkildə aparılıb.
Müalicə nəticəsində pasiyentin vəziyyəti yaxşılaşıb. Altıncı gün hərarəti normallaşıb, yara təmizlənib. Həkimlər əlin hərəkət funksiyasını və hissiyyatını qoruyub saxlaya biliblər.
Bununla belə, toxumalarda qalan defektin bağlanması üçün xəstəyə gələcəkdə dəri transplantasiyası əməliyyatı aparılacaq.
Həkimlər xəbərdarlıq edirlər ki, hətta kiçik cızıq və ya iti əşya ilə yaranan deşilmiş yara təhlükəli infeksiyaların orqanizmə daxil olmasına səbəb ola bilər. Şişkinliyin artması, göyərmə, döyünən ağrı, yüksək hərarət və yaradan xoşagəlməz qoxunun gəlməsi ciddi əlamətlərdir.
Mütəxəssislər vurğulayırlar ki, bağayarpağı və digər xalq təbabəti vasitələri tibbi yardımı əvəz etmir. Dərin və deşilmiş yaralar zamanı vəziyyət ağırlaşmadan həkimə müraciət etmək tövsiyə olunur.
Lalə




