Böyük Britaniyanın ən böyük “Rough” qaz anbarı hökumətin maliyyə dəstəyi göstərməkdən imtina etməsi səbəbindən yaxın aylarda bağlanmaq təhlükəsi ilə üzləşib.
Bakues.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb.
Bildirilib ki, Şimal dənizində yerləşən obyekt ölkənin ümumi qaz saxlama potensialının təxminən yarısını təşkil edir. Anbarın fəaliyyəti 400-ə yaxın iş yerini təmin edir. Obyektin bağlanması yüzlərlə insanın işsiz qalmasına səbəb ola bilər.
“İndi qərar qəbul etmək lazımdır. Gecikdirilən hər ay mövcud seçim imkanlarını azaldır”, – anbarın operatoru olan “Centrica” şirkətinin baş direktoru Kris O’Şi bildirib.
Şirkət daha əvvəl mövcud lisenziyanın müddəti 2027-ci ilin aprel ayının sonunda başa çatdıqdan sonra yeni lisenziya almaq üçün müraciət etməyəcəyi barədə xəbərdarlıq edib.
Böyük Britaniyanın Enerji Təhlükəsizliyi Nazirliyi isə qarşıdan gələn qış mövsümündə ölkənin tələbatını ödəmək üçün kifayət qədər qaz ehtiyatının olduğunu açıqlayıb.




