Günəşdə son beş il ərzində müşahidə olunan ən uzun alışma fasiləsi başa çatıb.

Bakues.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, son yeddi gündə ilk Günəş alışması noyabrın 27-də Bakı vaxtı ilə saat 18:13-də qeydə alınıb. Alışmanın gücü C1.6 səviyyəsində olub ki, bu da olduqca aşağı göstərici hesab edilir.

Alimlərin fikrincə, bu qədər uzunmüddətli sakitlik Günəş aktivliyinin proqnozlaşdırılandan daha sürətlə azalmasına işarə edə bilər. Bu isə 2030-cu ildə gözlənilən Günəş aktivliyi minimumunun daha erkən başlaması ehtimalını artırır.

Mütəxəssislər alışmaların yenidən başlamasını Günəş səthində iki yeni ləkə qrupunun yaranması ilə əlaqələndirirlər.

Aktivliyin artmasının nə dərəcədə davamlı olacağı isə hələlik məlum deyil.