İşə düzəlmək ümidi ilə AZS Company MMC-yə müraciət edən vətəndaşlara 900 manat maaş vəd edildiyi bildirilir. Lakin şikayətçilərin iddiasına görə, aylar keçməsinə baxmayaraq, onlar işlə təmin olunmayıblar.
Bakues.az-ın redaksiyasına daxil olan şikayətə əsasən, işə qəbul, sağlamlıq arayışı, forma və digər sənədlərin hazırlanması adı ilə vətəndaşlardan 400 manatdan 1000 manatadək pul alınıb. Şikayətçilər bildirirlər ki, onlarla əmək müqavilələri imzalanıb, myGov sistemində şirkətin əməkdaşı kimi qeydiyyata alınıblar. Buna baxmayaraq, faktiki olaraq işə başlamayıblar.
Onların sözlərinə görə, müxtəlif vəzifələr və rütbələr vəd edilib, bir qismi Sumqayıtda təlimlərə cəlb olunub, zavod və müəssisələrdə işləyəcəkləri bildirilib. Lakin verilən vədlər yerinə yetirilməyib.
Şikayətçilərin iddiasına görə, eyni vəziyyətlə üzləşənlərin sayı 100 nəfəri ötür. Vətəndaşlar ödədikləri vəsaitin geri qaytarılmasını və məsələ ilə bağlı araşdırma aparılaraq hüquqi qiymət verilməsini tələb edirlər.
Bakues.az olaraq məsələ ilə bağlı AZS Company MMC-nin və aidiyyəti qurumların mövqeyini öyrənməyə hazırıq. Qarşı tərəfin açıqlamasını dərc etməyə açığıq.
YouTubeLalə




