Ermənistan hökuməti Nazirlər Kabineti ilə Amerikanın TRIPP Development Company (TDC) US şirkəti arasında TRIPP Development Company QSC-nin yaradılması üçün imzalanacaq səhmdar müqaviləsinin layihəsini təsdiqləyib.

Bakues.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, qərara əsasən, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinə hökumət adından müqaviləni imzalamaq səlahiyyəti verilib.

Şirkət “Tramp yolu” (TRIPP) layihəsi çərçivəsində Ermənistan və ABŞ arasında strateji əməkdaşlığa dair çərçivə sazişinə uyğun olaraq yaradılır. Sənəd 1 iyun 2026-cı ildə Vaşinqtonda, iyunun 4-də isə İrəvanda imzalanıb. Müqavilə oktyabrın 28-də ratifikasiya edilib və noyabrın 11-də qüvvəyə minib.

Səhmdar müqaviləsi tərəflərin səlahiyyətlərini, qarşılıqlı münasibətlərini və səhmlərlə təsdiqlənmiş hüquqların həyata keçirilməsi qaydalarını müəyyən edəcək.

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Kristine Qaleçyanın sözlərinə görə, şirkətin idarə heyəti beş üzvdən ibarət olacaq və onlardan ikisini Ermənistan tərəfi təyin edəcək.