Pakistanın Kəraçi şəhərinin Bəluc Koloni rayonunda inşası başa çatmamış altımərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Bakues.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Qeyd edilib ki, bazar günü xilasedicilər dağıntılar altından daha iki cəsəd çıxarıblar. Cümə günü 28 yaşlı Məhəmməd Adili dağıntılar altından sağ çıxarmaq mümkün olub. "Rescue 1122" xidmətinin son məlumatlarına görə, iki nəfər hələ də itkin düşmüş hesab olunur, axtarış-xilasetmə əməliyyatı davam edir.

İlkin məlumata görə, bina yaşayış sahəsində keyfiyyətsiz tikinti materiallarından istifadə edilməklə qanunsuz olaraq inşa olunub.

Polis binanın sahiblərindən biri və üç podratçı da daxil, dörd şübhəlini saxlayıb. Məhkəmənin qərarı ilə onlar beş gün müddətinə həbs ediliblər.

Xatırladaq ki, bina noyabrın 25-də çöküb. Həmin vaxt tikinti meydançasında 20-dən çox fəhlə olub.