Malayziya “Google” şirkətini “YouTube” platformasında zərərli məzmunların qarşısının alınması üçün yetərli tədbirlər görməməkdə ittiham edərək, ona qarşı ümumilikdə 145,8 milyon dollar məbləğində iki ayrı iddia qaldırıb.

Bakues.az "Bernama"ya istinadən xəbər verir ki, bu barədə Malayziya Rabitə və Multimedia Komissiyası (MCMC)  məlumat yayıb.

Birinci iddia onlayn qumar oyunları və dələduzluq da daxil olmaqla, minlərlə zərərli məzmunla bağlıdır. Bildirilib ki, “Google”un bu məzmunların yayılmasının qarşısını almaqla bağlı qanuni öhdəliklərini və lisenziya şərtlərini pozduğu iddia olunur.

İkinci iddia isə “Papagomo” kimi tanınan Wan Muhammad Azri Wan Deris tərəfindən “YouTube” platformasında yenidən yayımlanan məzmunlarla bağlı qanunvericiliyin tələb etdiyi tədbirlərin görülməməsinə aiddir.

Komissiyadan bildirilib ki, məhkəmə iddiaları, xüsusilə uşaqları onlayn təhlükələrdən qorumaq məqsədilə həyata keçirilən tədbirlərin bir hissəsidir.

Lalə