“Microsoft” şirkəti xidmətlərində genişmiqyaslı nasazlıqların qarşısını almaq və yaranan problemləri daha sürətli aradan qaldırmaq məqsədilə “Qırmızı kod” təşəbbüsünə start verib.

Bakues.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Təşəbbüs çərçivəsində şirkət sistemlərində ciddi fasilələrin qarşısının alınması və belə hallara reaksiya mexanizmlərini yenidən nəzərdən keçirəcək. Əsas məqsəd genişmiqyaslı nasazlıqların bir saat ərzində aradan qaldırılmasını təmin edən prosedurlar hazırlamaqdır.

Qeyd edək ki, noyabrın 13-də “Microsoft” xidmətlərində genişmiqyaslı nasazlıq qeydə alınıb. “Downdetector” platformasının məlumatına görə, istifadəçilər Hindistan, Almaniya, Niderland, Fransa və digər ölkələrdə “Outlook” elektron poçt xidmətinin fəaliyyətində problemlərlə üzləşiblər.

Bundan başqa, “Microsoft 365”, “Teams”, “Store” və “Copilot” xidmətlərində də fasilələr yaranıb. Ümumilikdə 74 ölkədən istifadəçilər bir saat ərzində nasazlıqlarla bağlı şikayət ediblər.

Şirkət daha əvvəl xidmətlərin fəaliyyətində yaranan problemin səbəbinin aradan qaldırıldığını açıqlayıb.

Lalə