Böyük Britaniyada şahzadə Uilyam və həyat yoldaşı Keytin kənd iqamətgahına qanunsuz daxil olmaq və oğurluq etməkdə şübhəli bilinən iki nəfərə qarşı ittiham irəli sürülüb.

Bakues.az "Rg.ru"ya istinadən xəbər verir ki, bu barədə Norfolk polisi məlumat yayıb.

Hadisə İngiltərənin şərqində, Norfolk qraflığının Sandrinqem ərazisində yerləşən kral ailəsinə məxsus mülkdə baş verib. Bazar ertəsi axşamı ərazidə şübhəli fəaliyyət barədə məlumat daxil olduqdan sonra polis hadisə yerinə çağırılıb. Həmin vaxt binada heç kimin olmadığı bildirilib.

İttiham olunanlardan biri London sakini, digəri isə daimi yaşayış yeri olmayan şəxsdir. Onların çərşənbə günü Norviç Magistrat Məhkəməsində dinləmələrə çıxarılması gözlənilirdi. Oğurlanan əşyaların nələr olduğu açıqlanmayıb.

“The Sun” qəzetinin məlumatına görə, polis şahzadə Uilyam və Keytin Anmer-Holl iqamətgahına qanunsuz daxilolma faktını araşdırır. 10 yataq otağı olan bu mülk 2011-ci ildə mərhum kraliça II Elizabet tərəfindən cütlüyə toy hədiyyəsi olaraq verilib.

Şahzadə Uilyam və həyat yoldaşı həmin iqamətgahdan əsasən istirahət və qısamüddətli səfərlər zamanı istifadə edirlər. Onların əsas yaşayış yeri isə Londonun qərbində yerləşən Vindzor qəsrinin ərazisindədir.

Uilyamın nümayəndəsi CNN telekanalına açıqlamasında təhlükəsizlik məsələləri ilə bağlı şərh vermədiklərini bildirib.

Hadisə barədə məlumat şahzadə Uilyamın Britaniya hökumətinin rəhbərinin Dauninq-strit 10 ünvanındakı iqamətgahına səfəri zamanı yayılıb. Qeyd edək ki, Dauninq-strit 10 1735-ci ildən Britaniya hökumət rəhbərlərinin rəsmi iqamətgahıdır.

Lalə