Hollivudun əfsanəvi aktrisası Merilin Monronun öz əli ilə yazdığı yemək resepti hərracda 16 min dollara satılıb.
Bakues.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 1954-cü ilə aid olan resept sobada bişirilən toyuq və ya hinduşka üçün içliyin hazırlanmasından bəhs edir. İlkin olaraq 2-3 min dollar dəyərində qiymətləndirilən əlyazma gözləniləndən qat-qat baha satılıb.
Aktrisa içliyin hazırlanmasında fransız çörəyi, toyuq qaraciyəri və ürəyi, soğan, kərəviz, rozmarin, kəklikotu və dəfnə yarpağından istifadə etməyi tövsiyə edib.
Reseptin ən maraqlı tərəfi isə onun tərkibində parmesan pendiri, kişmiş, qoz, şabalıd, yerfındığı və qaynadılmış yumurtanın olmasıdır. Monro yeməyin yanında kartof, göbələk və yaşıl noxud təqdim etməyi məsləhət görüb.
Əlyazmada diqqət çəkən digər məqam aktrisanın xüsusi olaraq “sarımsaqsız” qeydini yazmasıdır.
Ehtimallara görə, bu, onun sarımsağı sevmədiyi deyilən həyat yoldaşı, məşhur beysbolçu Co Di Maccio ilə bağlı olub. Cütlük 1954-cü ildə ailə qurub. Onların evliliyi cəmi doqquz ay davam etsə də, boşandıqdan sonra dostluq münasibətlərini qoruyublar.
Əlyazma ilk dəfə on ildən əvvəl aşkarlanıb. Sonradan aktrisanın anadan olmasının 100 illiyinə həsr edilmiş xatirə əşyaları kolleksiyasına daxil edilib.




