Azərbaycanda qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyinə dair yeni texniki reqlament qüvvəyə minib.

Bakues.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev Agentliyin təşkilatçılığı ilə media nümayəndələri üçün keçirilən “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirində deyib.

Onun sözlərinə görə, “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament” Nazirlər Kabinetinin 2026-cı il 6 may tarixli qərarı ilə təsdiqlənib və noyabrın 6-dan tətbiq olunur.

Yeni reqlament insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlət maraqlarının qorunmasını, eləcə də istehlakçıların məhsulların təyinatı və təhlükəsizliyi ilə bağlı yanlış məlumatlandırılmasının qarşısının alınmasını hədəfləyir.

Sənəd məişətdə yemək hazırlanması və qızdırılması üçün istifadə olunan qurğuları, qazla işləyən su qızdırıcılarını, ictimai iaşə müəssisələri üçün nəzərdə tutulan qaz yanacaqlı istilik avadanlıqlarını və digər müvafiq məhsulları əhatə edir.

Texniki reqlamentə əsasən, əhatə olunan məhsulların uyğunluğu bəyan edilmə və ya sertifikatlaşdırma yolu ilə qiymətləndiriləcək.