Rusiyanın Sankt-Peterburq şəhərində son 10 ildə ilk dəfə aşkarlanan HİV infeksiyası hallarının sayı iki dəfə azalıb. Bu müddətdə müayinə olunanların və müalicə alan xəstələrin də payı artıb.

Bakues.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rospotrebnadzorun Sankt-Peterburq və Leninqrad vilayəti üzrə idarəsinin epidemioloji nəzarət şöbəsinin müdiri İrina Katayeva bildirib. 


Onun sözlərinə görə, 2015-ci illə müqayisədə 2025-ci ildə ilk dəfə HİV diaqnozu qoyulan şəxslərin sayı iki dəfə azalıb. Eyni zamanda, əhalinin testdən keçirilmə səviyyəsi 2,2 dəfə artaraq ümumi əhalinin 34 faizinə çatıb.


HİV-ə yoluxmuş şəxslər arasında müalicə alanların xüsusi çəkisi də son 10 ildə iki dəfə yüksəlib. Bu, xəstələrin tibbi yardıma daha çox müraciət etdiyini göstərir.

Katayeva qeyd edib ki, 2025-ci ildə şəhərdə ilk dəfə aşkarlanan HİV infeksiyası hallarının sayı 1 800-dən bir qədər çox olub. Bu, 2024-cü illə müqayisədə 14 faiz azdır. 2026-cı ilin ilk 10 ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə yeni yoluxma hallarının sayı 22 faiz azalıb.


HİV-in əsas yoluxma yolları


Sankt-Peterburqda qeydə alınan HİV-ə yoluxma hallarının 91,2 faizi cinsi yolla, 8,2 faizi isə parenteral yolla, əsasən narkotik vasitələrin istifadəsi zamanı baş verir.


Bu barədə S.P. Botkin adına Klinik İnfeksion Xəstəliklər Xəstəxanasının baş həkimi Denis Qusev məlumat verib. Onun sözlərinə görə, digər yoluxma yollarının payı 1 faizdən az olsa da, belə risk mövcuddur. Buna görə də steril şəraitə əməl olunmayan yerlərdə tatuaj və pirsinq etdirmək tövsiyə edilmir.


QİÇS və İnfeksion Xəstəliklər Mərkəzinin baş həkimi Tatyana Vinogradova isə insanların etibarlı tibb müəssisələrinə və gözəllik salonlarına müraciət etməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, etibarlı gözəllik salonlarında bütün alətlər müştərinin qarşısında xüsusi sterilizasiya paketlərindən çıxarılır.

Lalə