Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Avropa İttifaqının (Aİ) 2028–2034-cü illər üzrə büdcəsində kənd təsərrüfatı və birləşmə siyasətinə ayrılan xərclər azaldılarsa, ölkəsinin büdcə layihəsini qəbul etməyəcəyini bildirib.
Bakues.az "Vedomosti"yə istinadən xəbər verir ki, Mitsotakis bu barədə Brüsseldə Aİ liderlərinin büdcə layihəsini müzakirə etdiyi görüş zamanı jurnalistlərə açıqlamasında deyib.
Baş nazir qeyd edib ki, Yunanıstan prinsipial mövqeyindən geri çəkilməyəcək və birləşmə siyasəti ilə ümumi kənd təsərrüfatı siyasətinə ayrılan vəsaitlərin daha da azaldılmasını qəbul etməyəcək.
Onun sözlərinə görə, bu iki istiqamət Aİ siyasətinin əsasını təşkil edir və birliyin vətəndaşlar üçün mahiyyətini ifadə edir.
Qeyd edək ki, noyabrın 21-də Avropa Şurasının Prezidenti Antonio Koşta Aİ-nin yeni büdcə layihəsini təqdim edib. Layihəyə əsasən, xərclər Avropa Komissiyasının ilkin təklifindən 204 milyard avro və ya 10 faiz azaldılaraq 1,78 trilyon avroya endirilib.
Noyabrın 23-də “Politico” nəşri 2028–2034-cü illəri əhatə edən yeddiillik büdcə ilə bağlı Aİ daxilində fikir ayrılıqlarının dərinləşdiyini yazıb. Mübahisələrin kənd təsərrüfatı subsidiyaları, yeni vergilərin tətbiqi və Ukraynanın maliyyələşdirilməsi məsələləri ətrafında yarandığı bildirilib.
Lalə




