Tələbələr iddia edirlər ki, illik təhsil haqqının son hissəsini ödəmədikləri üçün dərslərə buraxılmırlar.
Bu barədə Bakı Biznes Universitetinin tələbələri Bakues.az-a şikayət məktubu göndəriblər.
Tələbələrin sözlərinə görə, nəticədə bəzi tələbələr davamiyyət limitinə düşürlər və bu hal davam edərsə, fənlərdən kəsilmə ilə nəticələnə bilər.
Bildirilib ki, universitetə daxil olarkən onlara təhsil haqqını imtahan sessiyasına qədər hissə-hissə ödəyə biləcəkləri vəd edilib. İndiyə qədər də ödənişləri həmin qaydada ediblər. Hətta əksər tələbələr gecə növbəsində işləyərək illik təhsil haqqını qarşılamağa çalışırlar.
Tələbələr bildirirlər ki, ödənilməmiş hissə böyük məbləğ deyil, təxminən 200-300 AZN təşkil edir. Onlar maaş alan kimi həmin məbləği ödəyəcəklərini desələr də, gözlənilməyib.
Tələbələrə rəhbərlik tərəfindən göndərilən mesajda isə qeyd olunur ki, kimdə yarımçıq ödənişlər qalıbsa, həftə ərzində yekunlaşdırılmalıdır. Əks halda yenidən qayıblar yazılacaq.
Tələbələr məsələyə aydınlıq gətirilməsini və hissəli ödəniş imkanının saxlanılmasını istəyirlər.
Məsələ ilə bağlı universitetin mövqeyini dərc etməyə hazırıq.
Lalə




